Türkiyə Aİ Sammitinin qərarlarına sərt etirazını bildirib

Hurriyyet.org xəbər verir ki,  Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “2021-ci il 24 iyun tarixində Brüsseldə keçirilən Aİ Dövlət və Hökumət başçılarının Sammitində “Türkiyə” başlığı altında qəbul edilən qərarlar gözlənilən və lazımi addımlardan çox uzaqdır.

Türkiyə gərginliyin azaldılması, dialoq və əməkdaşlığın başladılması baxımından öhdəsinə düşəni artıqlaması ilə yerinə yetirib. Aİ-nin Gömrük İttifaqının yenilənməsi daxil olmaqla, müsbət addımlar atmağı ertələməsi ləngitmə taktikası, iradə əskikliyi və bir-iki üzv ölkənin Aİ üzvlüyündən mənfi şəkildə istifadə etməsini göstərir. Mətndə namizədlik statusumuzdan bəhs etməkdən yayınmaq da bunu təsdiqləyir”.

“Təklif edilən maliyyə yardımı paketi Türkiyəyə yox, suriyalı qaçqınlara ünvanlanıb və bu, əsasən, Aİ-nin öz dinclik və təhlükəsizliyini təmin eləmək üçün atacağı addımdır. Qaçqınlar məsələsində əməkdaşlığın sadəcə maliyyə səviyyəsinə endirilməsi böyük yanlışlıqdır”.

Açıqlamada sammitin Kipr məsələsi ilə bağlı qərarlarının Yunanıstan və Kipr yunanlarnın mövqelərini dəstəkləməsi qeyd edilir: “Bu mövqeyi ilə Aİ bir daha Kipr türklərini yox hesab edir və onların hüquq bərabərliyinə laqeyd yanaşır”.