Makrona cavab: NATO Qarabağı “siyahı”dan çıxartdı

Fransa Prezidenti hakimiyyətə gələr-gəlməz qeyri-adekvat siyasətçi olduğunu göstərib. Ölkədə işsizliyin artması, sərbəst toplaşmaq və insan haqları ilə bağlı vəziyyətin pisləşməsi, yerli əhali ilə miqrantlar arasında ziddiyyətlərin mürəkkəbləşməsi Makronun xarici məsələlərdə yersiz bəyanatlar vermək əzəvinə daxili problemlərin həllinə çalışmalı olduğunu nümayiş etdirir.

Bunu Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Makronun siyasi məsuliyyətdən uzaq bəyanatları Fransanın Cənubi Qafqazdakı imicinə böyük zərbə vurub:

“Hər halda Makron özü də Cənubi Qafqazdakı siyasi proseslərə təsir imkanlarının sıfra bərabər olduğunu çox yaxşı bilir. Fransa Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, regiondakı siyasi proseslərdə heç bir siyasi ağırlığa malik deyil. Bunun da əsas səbəbi elə Makronun özü və qeyri-adekvat fəaliyyətidir”.

Politoloq deyib ki, Makronun Paşinyana göndərdiyi məktubdakı fikirlərinin heç bir siyasi məntiqi yoxdur:

“Ermənistanın ərazi bütövlüyü pozulmayıb ki, Makron Paşinyana təbrik məktubunda belə bir absurd fikirlər irəli sürsün. Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub və bildiyimiz kimi Ermənistanı Qarabağla Şərqi Zəngəzur torpaqları ayırıb. Ona görə yaxşı olar ki, Makron bir daha xəritəyə baxsın və başa düşsün ki, keçmiş Dağlıq Qarabağın Ermənistanla heç sərhədi belə yoxdur”.

O, NATO Zirvə görüşünün yekun sənədində də Qarabağ məsələsinin problemlər siyahısından çıxarıldığını vurğulayıb:

“Prezident Makrona ən yaxşı cavabı bir neçə gün öncə Brüsseldə baş tutan Zirvə görüşündə verdilər. Burada Britaniya, ABŞ və Türkiyə üçbucağı yarandı. Bundan sonra NATO-nun Yaxın Şərq və Afrikada düşünən beyni və vuran gücü funksiyasını Fransa deyil, Türkiyə yerinə yetirəcəkdir. Eyni zamanda Zirvə görüşünün yekun bəyanatında da Qarabağ məsələsinə toxunulmadı. Bu isə özlüyündə müxtəlif problemli regionları və məsələləri adətən yekun sənədə daxil edən NATO-nun artıq keçmiş Dağlıq Qarabağ münaqişəsinin və “status” məsələsinin bitdiyini qəbul etdiyini göstərir. Bundan sonra tərəflər də “status” məsələsini müzakirə etməyəcək. Müzakirələr yalnız və yalnız sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi və 10 noyabr bəyanatının reallaşdırılması barəsində aparılacaq”.

Qeyd edək ki, bu gün Makron Paşinyana məktub yazaraq, onu seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib. Eyni zamanda keçmiş və Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın ərazi bütövlüyü və suverenliyi şərtilə həllinə dəstək göstərəcəyini bildirib.