İşdən çıxarılan rektorun adı daha bir qalmaqalda hallanır

Baş Prokurorluqdan açıqlama: “BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi cəlb olunub”

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yayılan istintaq məsələsi barədə Baş Prokurorluq açıqlama verib.

Məsələ ilə bağlı Axar.az-a danışan Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirib ki, Bakı Slavyan Universitetindəki rüşvət olayı ilə bağlı istintaq davam edir: “BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi cəlb olunub və onun xanım olması nəzərə alınaraq, barəsində polisin nəzarəti altında qəti imkan tədbiri seçilib. Hazırkı mərhələdə Nurlana Əliyev şübhəli şəxs statusunda deyil. İstintaq davam edir”.

Qeyd edək ki, D.Əliyeva 100 tələbənin 1000-7000 manat civarında təhsil haqqını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb.

Onu da qeyd edək ki, dünən Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva mətbuatda haqqında yazılanlara münasibət bildirib.

Manset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib: “Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar.Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını Allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar nə olsun? Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu “Ayətəl Kürsü”lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun.Allahdan alsınlar paylarını.Nurlana xanım peşəkarlıqla, vicdanla,insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil.75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!”

Hazırladı: İ.SABİRQIZI