İmişlidə 37 ilin müəlliməsi 6 kvadratlıq daxmada yaşayır

 Səkinə Nuruşova: “Daxmamın nə işığı, nə qazı, nə suyu, nə də hamamı yoxdur”

“Dünyanın bütün ağırlığını çiyinlərində çəkən bir Zəngəzurlu anaya intihar etməkdən başqa yol qoymayıblar”

İmişli şəhəri, Tofiq İsmayılov küçəsi 14-də yaşayan, əslən Zəngəzurdan olan, 37 ildir təhsil sahəsində çalışan Nuruşova Səkinə Nuruş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Səhiyyə naziri Teymur Musayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, 37 il əvvəl Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirib, Dəmir yolu orta məktəbinə təyinatla göndərilmişəm. Əslən Zəngəzurlu olan, Meqri rayonunun Aldərə kəndindəki ikimərtəbəli evimiz o vaxt erməni cəlladlarında qaldı. Siz bizim xalqın 200 illik zülmünə, işğalına son qoyan, quduz erməni cəlladlarını birdəfəlik susdurdunuz.

Ağır şəkər xəstəsiyəm, ayağımda yara açılıb, şəkərin güclü olması səbəbindən sağalmır. 2017-ci ildən Zərifə Əliyeva adına göz klinikasında növbədəyəm. Sol gözüm sıradan çıxıb, sağ gözümdən əməliyyat edildim. 10 fevral 2021-ci ildə keçirilən əməliyyatdan sonra gözüm yenidən tutuldu. Artıq jurnal yaza, şagirdlərimlə təmasda ola bilmirəm.

16 il xəstə oğlumu böyütdüm, 10 fevral 2010-cu il dünyasını dəyişdi. Kaş sağ ola, erməni quldurları ilə amansız rəftar edərək, döyüşə, şəhid olaydı. İmişlidə müəllim, rəhbər və kollektiv mənə əlindən gələn köməyi edib. İş adamı Hacı Tofiq İsayevə müraciət etdim, yardım etməkdən imtina etdi. Sonra heç kimə ağız açmadım.

Hal-hazırda evim yoxdur, evimi faizə girov qoyub, oğlumu müalicəyə, özümün yiyəsizliyimə sərf etdim. Dövlət evlərinin yanında 6 kv.metr daxmada yaşayıram. Daxmamın nə işığı, nə qazı, nə suyu, nə də hamamı yoxdur.

Göz klinikasında məni qeydə alan 3 nəfər xanım komissiya üzvləri bildirdilər ki, get mart ayında gəl, pensiyanı təyin edək. Belə çıxır, onlar gözləyir ki, mən mart ayına sağ qalmaram.

Altmış yaşın içindəyəm. Dünyanın bütün ağırlığını çiyinlərində çəkən bir Zəngəzurlu anaya intihar etməkdən başqa yol qoymayıblar.

Əməliyyata 300 manat borclu qaldığım üçün təkrar getməyə xəcalət çəkirəm. Tələbə vaxtı müəllim və tələbə yoldaşlarım mənə “Naxçıvanlı gözəl” deyirdilər. Ümummilli lider Heydər Əliyevin tədbirlərinə məni göndərirdilər.

Artıq mənə görə dünyanın sonudur, arxasızam, köməksizəm, gözlərim görsəydi, kimsədən kömək ummadan, öz-özümə həyan idim.

Mənim, 37 ilin müəlliməsinin, pensiya təminatımın icra olunmasına yardımınızı əsirgəməyin.

Hörmətli Birinci vitse-prezident!

Siz bu xalqın güvənc yeri, xəstələrin pənahısız. Sizdən bir müəllimənin xəstəliyinin müalicəsinə kömək etməyinizi xahiş edirəm. Çarəsiz qalıb, ilk dəfə sizə müraciət etdim”.

Hazırladı: KƏNAN

Redaksiydan: Mövzunu diqqətdə saxlayacağıq.