Göyçayın kanalizasiya suları Mollacəlilli kəndinə axıdılır

Sakinlər üfunətdən kənddə yaşamağın mümkünsüz olduğunu deyirlər, amma…  

Bələdiyyə sədri Ramiz Tağıyev: “Əraziyə baxmışıq, həmin ərazidə üfunət qoxusu və ya acınacaqlı durum müşahidə olunmayıb”

İcra nümayəndəsi Məmməd Məmmədov: “Necə olur ki, əvvəl orda işləyəndə heç bir narazılığı olmayıb, işdən çıxandan sonra narazılıq etməyə başlayıb”

Göygöl rayonunun sakini Quluyev İman Qəmbər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Yaşadığım Göygöl rayonu, Mollacəlilli kəndində Göygöl Su-Kanal və Kanalizasiya İdarəsinə məxsus tullantı suların təmizlənməsi qurğusu fəaliyyət göstərir. Bu qurğu işə başladığı gündən kəndin ümumi bəlasına çevrilib.

Belə ki, rayondan axıdılan çirkab sular heç bir filtr qurğusundan keçirilmədən, birbaşa kəndin otlaq və örüş sahələrinə axıdılır. Bundan əlavə, hətta Kanalizasiya sularından yığılan nəcis artıqları belə, yenə də heyvanların örüş sahəsinə tökülür. Üfunət qoxu, rəzil və acınacaqlı mənzərə, ağcaqanad və kamar hər yanı bürüyüb.

Sözügedən problemlə bağlı dəfələrlə qurğunun rəisi Almədədov Azərə, Mollacəlilli kənd Bələdiyyəsinin sədri Ramiz Tağıyevə və icra nümayəndəsi Məmməd Məmmədova, xüsusilə Göygöl Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynova vəziyyətin nə qədər dözülməz olduğunu söyləsəm də, heç bir fayda verməmişdir. Sözügedən problemlə bağlı kənddə epidemiya pik həddinə  çatıb. Aidiyyəti şəxslərin problemə laqeyd qalmaları burada yüzlərlə narazı kütlə yetişdirib. Kənd sakinlərinin səbrləri ilə oynayırlar. Özü də belə bir çətin vaxtda, pandemiyanın hökm sürdüyü və tüğyan etdiyi zamanda heç bir şikayətə əhəmiyyət vermirlər.

Sizdən bu mövzuda dəstək və kömək gözləyirik. İndi ümidimiz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xahiş edirik, köməyinizi bizdən əsirgəməyin”.

Mollacəlilli kənd bələdiyyəsinin sədri Ramiz Tağıyev “Hürriyyət”ə açıqlamasında rayon İcra Hakimiyyətinin nümayəndələriylə bərabər əraziyə baxış keçirildiyini bildirdi: “Həmin şəxs Prezident Aparatına və digər aidiyyatı qurumlara da yazıb. İcra Hakimiyyətinin nümayəndələriylə bərabər biz də sözügedən əraziyə gedib baxmışıq. Onun dediyi kimi həmin ərazidə üfunət qoxusu və ya acınacaqlı durum müşahidə olunmayıb.

İman Quliyev əvvəllər Göygöl Su-Kanal və Kanalizasiya İdarəsində işləyib. İşlədiyi müddətdə əmək haqqından pensiya fonduna pul köçürülmədiyinə görə, qərəzli şəkildə belə müraciətlər ünvanlayır. Hər halda aidiyyatı qurumlar tərəfindən əraziyə baxş keçirilib. Şəxsən özümüz də iştirak etmişik. Lakin heç bir problem aşkar olunmayıb”.

Daha sonra Mollacəlilli kəndinin icra nümayəndəsi Məmməd Məmmədovla əlaqə saxladıq. İcra nümayəndəsi də “Hürriyyət”ə İman Quliyevin qərəzli olaraq məktublar ünvanladığını qeyd etdi: “Həmin ərazidə üfunət iyi gəlmir. Rayon İcra Hakimiyyəti və bələdiyyə nümayəndələrilə birgə əraziyə baxış keçirilib. Həmin şəxs qərəzli şəkildə məktublar ünvanlayır. Özü əvvəl, hazırda şikayət etdiyi qurumda işləyib. Pensiya ala bilmədiyinə görə, qərəzli şəkildə müraciətlər ünvanlayır. Necə olur ki, əvvəl orda işləyəndə heç bir narazılığı olmayıb, işdən çıxandan sonra narazılıq etməyə başlayıb”.

YƏHYA