“Görüləsi işlərimiz çoxdur” – Müdafiə naziri

“Hazırda bir neçə məsələ var ki, biz onlarla məşğuluq. Bu, sərhədlərlə əlaqədardır. Biz Dövlət Sərhəd Xidməti ilə birgə Azərbaycanın dövlət sərhədlərinə çıxmışıq. Orada hansısa mübahisəli ərazilər var. Bizə aydındır ki, bu, bizim ərazilərimizdir. Ona görə də bu məsələləri həll etmək üçün qarşıda görüləsi işlərimiz çoxdur”.

“Report” xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real” TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, bununla yanaşı Azərbaycan Ordusunun yeni planları olmalıdır, yeni vəzifələr və yeni hədəflər müəyyən edilməlidir:

“Buna uyğun olaraq, Azərbaycan Ordusu öz xidməti döyüş fəaliyyətini və döyüş hazırlığını təşkil etməlidir. Bununla bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm cənab Prezidentin tapşırıqları var. Bu istiqamətdə də işlər davam etdirilir”.

“Bir məsələyə də toxunmaq istəyirəm. Ali Baş Komandan çıxışlarında dəfələrlə qeyd edib ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Amma öz torpaqlarımızın bir qarşını belə heç kimə verən deyilik. Ona görə də qarşıda duran bəzi məsələlər tam şəkildə həll olunandan sonra hesab edirəm ki, Azərbaycan Ordusunun əsas vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü qorumaq və Azərbaycanı müdafiə etməkdir”, – nazir əlavə edib.