Elçibəy XX əsrin 2-ci yarısından sonrakı Azərbaycan deməkdir

Elçibəy: demokratiya döyüşçüsü, azadlıq aşiqi

Yazımın mövzusu XX əsrin sonlarında Azərbaycanda fenomenal şəxsiyyətə çevrilən Elçibəydir. Ona görə fenomenaldır ki, özünün bütün müsbət və mənfi, çatışan və çatışmayan tərəfləri ilə əslində Elçibəy elə XX əsrin 2-ci yarısından sonrakı Azərbaycan deməkdir.

Elçibəy kim idi, nə arzulayırdı, bu cəmiyyətə nə vermək istəyirdi? Bu suallar adekvat olaraq başqa suallara meydan açır: Biz kimik, tarixdəki yerimiz nədir və bu gün nə istəyirik? Bütün bu suallara cavablar verilir, doğru və ya yanlış mövqelər, obyektiv və ya subyektiv yanaşmalar olur. Onların bəziləri səmimi, bəziləri sifarişli, bəziləri qərəzli, əksəriyyəti sevgi doludur. Amma ən əsası, bütün cavablar axtarış deməkdir.

Elçibəy şəxsiyyətinə münasibət heç vaxt birmənalı olmayıb, onu sevənlər və sevməyənlər var idi. Sevməyənlərin niyə sevmədiyini bu gün müzakirə etməyək. Sual oluna bilər: Niyə Elçibəy şəxsiyyətinə bu qədər maraq var? Onu bütləşdirməyə ehtiyac varmı? Əlbəttə, qüsursuz lider yoxdur. Bu dünyada gəlmiş-keçmiş bütün liderlərin qüsurları, yoldan sapmaları olub və var. Bu, təbiidir! Lakin bütün xalqlar özgüvənlərini qorumaqdan ötrü siyasi liderlərinə sahib çıxıb, onların bəşəri xidmətlərini önə çəkiblər. Öz liderlərinin, tarixi şəxsiyyətlərinin yalnız qüsurlarını önə çıxaran xalqlarda natamamlıq kompleksi yaranır, vətəndaşları özünə güvənmir, fərdlər birlikdə yararsız bır topluma çevrilir.

Məhz bu səbəbdən biz Elçibəy şəxsiyyətinin bütün tərəfləri ilə müzakirə edilməsini lazımlı bilirik.

Əlbəttə, Elçibəyi sevənlərin də ona münasibəti birmənalı deyildi. Bəzən onu sevənlərdən eşitdiyimiz bir fikrin üzərində dayanmaq və elə burdan yola çıxmaq istəyirəm. Deyirdilər ki, Bəy siyasət adamı, prezidentlik üçün uyğun şəxs deyildi, o, sadəcə milli dava adamı, sadə, millətini sevən bir ruh adamı, yaxşı ideoloq idi. Həqiqətən də, Elçibəyin boynunda bir neçə ağır vəzifə vardı: o, həm ideoloji xəttin lideri, həm siyasət adamı, həm partiya rəhbəri, həm bütöv Azərbaycan davaçısı, həm Turan yolçusu idi. Və eyni zamanda da böyük bir demokrat idi. Hətta bir az irəli gedib deyə bilərik ki, demokratiya döyüşçüsü idi. Milli davaçının həm də demokrat olması çətin idi. İnqilabdan sonra hakimiyyətə gələn kəsin var gücü ilə demokratik dəyərləri cəmiyyətə yeritmək istəməsi mümkünsüz görünürdü. Elçibəy bunu başa düşürdü, lakin inadla döyüşürdü. Elə özü deyirdi ki, “demokratiya bizim varlığımız deməkdir, mənəviyyatımız deməkdir. Əgər demokratiya inkişaf etməyəcəksə, bu dünyada heç nə qazana bilməyəcəyik, qazandıqlarımzı da hissə-hissə itərəcəyik”.

Məhz inadla döyüşməsi onu bəzən bu qədər xəyalpərvər, reallıqdan uzaq kimi göstərirdi. O da başa düşürdü ki, inqilablardan sonra hakimiyyətə gələnlər sərt qanunlar tətbiq edirlər. Düşmənlərini əzir, rəqiblərini yox edirlər. Əks halda həmin rəqiblər baş qaldırıb üsyan edəcəklər ki, biz bunu 4 iyun qiyamında gördük. Bu labüd idi və bizim 4 iyunda yaşayaraq gördüyümüzü Elçibəy 1 il əvvəlcədən görmüş və parlamentdə söyləmişdi:

“3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız. Mümkün deyil saxlamaq. Bunun qaydası var. Prezident o ölkədə seçilir ki, həm onu əldə saxlaya bilsin, həm də bu prezident nə vaxtsa diktatora çevrilmək istəyəndə onu saxlayan, qarşısını alan mexanizm olsun. Yoxdu axı bizdə. Yoxdusa, olmayacaq, özünüzü yormayın. Prezident saxlamaq üçün institutlar olmalıdır. Hakimiyyəti 3 yerə bölərlər, hər biri də müstəqildir. Biri qanun hazırlayır, biri icra edir, biri də tam müstəqil prezident olur. İstənilən vaxt aşağı təbəqənin nümayəndəsi prezidenti məhkəməyə verir və istədiyini alır, yoxdu axı bu institut. Kimi seçirsiniz-seçin, 1 il sonra yıxacaqsınız”.

O, onu devirmək istəyənləri əzə bilərdi, lakin yaxşı bilirdi ki, bu gün sərtləşən Elçibəy təkcə düşmənlərini əzməyəcək, eyni zamanda, nə vaxtsa cücərəcək demokratik dəyərləri də məhv edəcək. O, şəxsən siyasi meydanda məğlub ola bilərdi və oldu da, amma demokratik dəyərlərin məğlub olmasına və demokratiya adı altında hakimiyyətə gəlmiş qüvvələrin həmin demokratiyanı boğmasına izin verməzdi və vermədi də. Çünki Elçibəy yaxşı bilirdi ki, sonda qalib gələn şəxslər deyil, fikirlər olur. Bir gün onun gətirdiyi fikir meydanın tək qalibi olacaq.

Özü bu barədə belə deyirdi: “Məgər mən Əhməd Cavaddan, Hüseyn Caviddən, Hadidən artıq oğulam? Səttərxan, Xiyabani, Rəsulzadə nə bəlalar, faciələr görmədilər… Ancaq Azərbaycanın xoşbəxtliyi uğrunda mübarizədən geri çəkilmədilər. Onları gedər-gəlməzə göndərib, ondan sonra da 40-50 il yaşayıb fəxri ad alanlar, döşlərini orden-medalla dolduran əqidəsizlər cismani yoxluqlarıyla, eyni zamanda, mənəvi ölümə də düçar oldular. Cavid və Cavad kimi dühalar isə əqidədən dönməmək naminə cismani yoxluğunu qurban verərək şərəfli əbədiyyət qazandı”.

Məhz böyük fikirlər yaşadığı üçün Elçibəy və onun həmfikirləri, təməli XX əsrin əvvəllərində qoyulmuş o böyük fikrin – müasirləşməklə milli kimliyin qorunmasının bir arada olmasının vacibliyini çox gözəl başa düşürdülər. Tarixin axışından asılı olaraq, siyasi hadisələr və hətta hakimiyyətlər tez-tez dəyişə bilər. Lakin bir dövlətin var olması, bir millətin özünü ifadə etməsi üçün mütləq milli fikir olmalıdır.

Dövlət quruculuğu anlayışı olduğu kimi, millət quruculuğu anlayışı da var. Dövlət və millət quruculuğunda milli fikir həyatımızı Elçibəysiz təsəvvür etmək mümkün deyil.

Əgər milli azadlıq hərəkatında Elçibəy formulunu müəyyən etmək mümkün olsaydı, belə deyərdik: “İmperializmin əsarətindən azad olmaq üçün millət haqqındakı fikirlərinin, tarix, tarixi şəxsiyyətlər, dil birliyinin rolu haqqındakı fikirlərinin, onun “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” şüarının, “Azərbaycan xalqı türklüyünü dərk edəndən sonra milli problemlərini həll etməyə çalışacaq” düsturunun cəmi. Çox uzatmadan Bəyin azadlıq barədə fikirlərindən bir sitatı qeyd edirəm:

“Azadlq mənəvi tələbatdır, ideya tələbatıdır. Azadlıq təmtəraqlı materialist yaşayışı yox, sadəcə, başqasının köləsi olmamaq, öz düşüncə və əməllərini özünün istədiyi kimi sərbəst gerçəkləşdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib. Deyirlər ki, doğrudur, azadlığı qazandıq, ancaq nə olsun, çörək bahalaşdı, hər şeyin qiyməti qalxdı. Çörəyin bahalaşmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə deyil, qarınla müəyyənləşdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının faciəsidir”.

Azərbaycanın milli kimliyinə qarşı savaş açan ruslar ona görə Azərbaycanda milli kimliyə qarşı çıxa bilmədilər ki, sovət hakimiyyəti qurulanda artıq müsavatçılıq ideologiya kimi ortada idi. XX əsrin sonlarında da hakimiyyət dəyişikliyinə baxmayaraq, xalq hərəkatının gətirdiyi milli azadlıq sevdası və demokratik cəmiyyət qurmaq istəyi bu gün də hər kəsin dilə gətirdiyi və görmək istədiyi bir reallıqdır. Elçibəy və silahdaşlarının başladıqları yol da məhz buna söykənirdi: demokratiya və milli azadlıq. Onlar yaxşı başa düşürdülər ki, bir millətin var olması üçün hər iki fikrin bir arada gerçəkləşməsi labüddür.

Hər bir xalqın bir millət kimi formalaşıb tarixi səhnəyə çıxması üçün dövlət qurması vacib şərtdir. Əks halda, yəni dövlətsiz bir xalq, sadəcə, bir toplum halında yaşamağa və assimilyasiya olunmağa məhkumdur.

Lakin dava təkcə demokratiya və Azərbaycanın müstəqillik davası deyildi. O qədər boşluqlar var idi ki, Elçibəy bunların hamısını tamamlamağa çalışırdı. Güney Azərbaycan davası, dünyada türk kimliyindən xəbərsiz yaşayan çoxsaylı türklər – bütün bunlar Elçibəyi bir fikir adamı kimi düşündürməyə bilməzdi. Məhz bu səbəbdəndir ki, Kələkidən qayıdan kimi siyasi mübarizə ilə bərabər böyük bir ideoloji mübarizəyə də qol qoydu – Bütöv Azərbaycan Birliyini yaratdı. Bilirdi ki, bu, yenə ittihamlarla qarşılanacaq. Bilirdi ki, onu yenə xəyalpərəstlikdə ittiham edəcək, ironiya ilə yanaşacaqlar. Və o ərəfədə həm də bunları o qədər incəliyi ilə bilirdi ki, 4 il 4 ay hər gün bu ittihamlarla üz-üzə idi. Lakin bunu o etməsəydi, başqa kimsə etməyəcəkdi və necə ki bu gün də etmir. Bu boşluğu Elçibəydən başqa kimsə doldura bilsəydi, Elçibəy yolu sevə-sevə ona verərdi. Lakin hər şeyi yaxşı görən Bəy bu boşluğu da görürdü. Sual oluna bilər: bir siyasi lider hakimiyyətə gəlmək kimi hədəfin olduğu bir zamanda niyə bu ideyaya əlavə vaxt, enerji xərcləyirdi? Əbülfəz bəy anlayırdı ki, Meydan hərəkatından artıq 10 ilə yaxın bir vaxt keçir, qarşıda ciddi bir nəsil dəyişimi baş verəcək və yeni yetişən nəsli siyasi cəhətdən ciddi yetişdirmək lazımdır.

Bəy hökumətə qarşı narazılıqla dövlətə qarşı xəyanət arasındakı incə cizgini gənclərimizə aşılamaq istəyirdi. Bu baxımdan da Bütöv Azərbaycan Birliyinin hər şənbə günü ideoloji təbliğat məqsədi ilə təşkil etdiyi tədbirlər güclü siyasi tərbiyəvi əhəmiyyət daşıyırdı. Saf millətçi gənclər ilk addımlarını düzgün siyasi kursu anlayaraq atırdılar. Azərbaycanda nəinki İran və Rusiya, heç bir yad qüvvə və dövlət ideoloji baxımdan at oynada bilməzdi. Heç bir qüvvə öz tulalarını burda yalançı qəhrəmana çevirə bilməzdi. Gəncliyin bu ruhda yetişdirilməsini həm də ona görə çox istəyirdi ki, ölkənin gələcəyi ilə bağlı bütün ümidlərini yanında dayanan bu intellektual gəncliyə bağlamışdı. Tarixçi alim olaraq dərk edirdi ki, cəmiyyətdə gedən bütün proseslərin qazancı adətən intellektuallar və gənclik olur.

Bəy bu cəmiyyəti həm də radikal çıxışlardan qoruyurdu. Məhz bu səbəbdən Azərbaycanda heç bir radikal dini qurum meydan sulaya bilmirdi.

Misal üçün, son illər ölkəmizdə İran əlaltılarının meydanda at oynatması və eyni zamanda, Azərbaycan siyasi partiyalarının və xüsusən də müxalif düşərgənin bir hissəsinin buna loyal yanaşması acı bir həqiqətdən xəbər verir: ölkədə ideoloji boşluq var və bu boşluq cəmiyyətlə siyasətçilər arasında uçurumu dərinləşdirir.

Milli kimlik məsələsindəki boşluq sovetlər dağılandan sonra özünü daha çox büruzə verdi. Xalq hərəkatının cəmiyyətdəki rolu azaldıqca bəzi ölkələrin yetişdirdiyi “yeni dindarlar” dalğası rüzgar əsdirməyə başladı. Bu baxımdan, nə vaxta kimi ki milli məfkurə xalqın ziyalıları tərəfindən cəmiyyətə lazım olan səviyyədə çatdırılmayacaq, təbliğ edilməyəcək, bu kimi neqativ hallar davam edəcək. Gah xristian missionerləri meydanda at oynadacaq, gah sünni-şiə qarşıdurması baş alıb gedəcək, gah da havadan kommunizm qoxusu gələcək. Və bütün bu mənfi halların nəticəsi kimi biz qarşımızda öz milli kimliyinə ironiya ilə baxan, irreal “dünyəvi, bəşəri” ideyaların daşıyıcıları olan indiki gəncliyi görəcəyik. Bu prosesdə də ən çox itirən elə məhz həmin gənclik olacaq.

(Ardı var)

Anar ƏSƏDLİ,

Azərbaycan Yüksəliş Partiyası Başqanı

Redaksiyadan: İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günü idi. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

Elçibəy yolunun davamçıları və onu sevənlər 24 iyun tarixini Türklük günü kimi qeyd edirlər!