Dövlət büdcəsinə vergi daxilolmaları rekord həddədir

Koronavirus (COVID-19) pandemiyasının biznesin bütün sahələrinə müxtəlif dərəcələrdə təsir etdiyini desək yanılmarıq. Bu təsiri ən çox hiss edənlər arasında kiçik və orta biznes var.

Oxu.az xəbər verir ki, bəzi sahibkarlar distant işə sürətlə uyğunlaşa bilsələr də, bəzi sahələr hələ ki, yeni ayağa qalxmağa başlayır, məsələn, restoranlar, otellər, idman salonları… Eyni zamanda, mövcud vəziyyət biznesin inkişafı üçün təkan oldu. İnnovasiya cari problemlərin həlli və gələcək inkişaf üçün bir vasitə olaraq gündəmə gəldi. Pandemiya şəraitində məhdudlaşdırıcı tədbirlər mühitində müştəri davranışı və biznes təcrübələrində nəzərəçarpacaq bir dəyişikliyə, həmçinin rəqabətin, rəqəmsallaşmanın və elektron xidmətlərin istifadəsinin artmasına səbəb oldu.

Karantin rejimi və bununla əlaqədar tədbirlər həm özəl, həm də dövlət sektorunda, o cümlədən vergi sahəsində rəqəmsallaşmanın inkişafı üçün əlavə bir katalizatora çevrilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri təsdiq edirlər ki, vergi bəyannamələrini və digər sənədləri onlayn istifadə etmək imkanı hesabat vermə prosedurlarının səmərəliliyini artırır. Onlar vergi sistemində rəqəmsallaşdırmanın daha da genişləndirilməsinin və çox sayda yerli şirkət tərəfindən istifadə edilməsinin “kölgə iqtisadiyyatı”nı daha da azaldacağına və Azərbaycanda işgüzar mühitin yaxşılaşdırılmasına töhfə verəcəyinə əmindirlər.

Əlbəttə ki, “qızıl əsrin” başlanğıcından, yəni dövlət idarəetmə sistemi ilə biznes arasındakı tam harmoniyadan danışmaq hələ tezdir, lakin mövcud qiymətləndirmələr və nəticələr gələcək inkişafa ümid verir.

Dövlət bir tərəfdən qanunvericilikdəki boşluqları mümkün qədər aradan qaldırmaqla yanaşı, buna riayət olunmasına nəzarəti gücləndirməyi hədəfləyir. Digər tərəfdən, getdikcə daha çox sahibkar “kölgədən” çıxır və “boz” biznes sxemlərinə müraciət etmir. Xüsusilə, Azərbaycan Dövlət Vergi Xidməti dəfələrlə vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarını üzə çıxarmaqla bağlı açıqlamalar verib. Qurum qeyd edir ki, elektron sistemin istifadəsinin özü korrupsiya sxemlərinin mümkünlüyünü minimuma endirir. Sahibkar üçün vergi ödəmək daha sərfəlidir, nəinki şübhəli və qanunsuz əməliyyatlardan istifadə etmək.

Həyata keçirilən vergi siyasətinin nəticəsində dövlət xəzinəsinə fiskal daxilolmaların daim artımı təmin olunub. Beləliklə, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi yeni rekordlar qırır. 2021-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatı üstələyib ki, bu da proqnozlaşdırıldığından 27,1 faiz çoxdur. Gəlirlərin 2,75 milyard manatının qeyri-neft sektorunun payına düşdüyünü qeyd etmək vacibdir.

Bu artıma həm qeydiyyatdan keçmiş vergi ödəyicilərinin (ilk növbədə aktiv ödəyicilərin) sayının artması, həm də vergi bazası üzərində effektiv nəzarətin tətbiqi, vergi inzibatçılığı və vergi uçotunun təkmilləşdirilməsi tədbirləri kömək edib.

Əvvəlki kimi kütləvilik hesabına deyil, çevik təsir alətlərinin istifadəsi sayəsində vergi proqnozunun yerinə yetirilməsi və hətta artıqlaması ilə yerinə yetirilməsi yüksək qiymətləndirilməyə layiqdir. Dövriyyənin şəffaflığının təmin edilməsi, gəlir bəyannaməsi və könüllü bəyannamə səviyyəsində əhəmiyyətli dərəcədə artıb, vergi inzibatçılığında aparılan islahatlar, iqtisadiyyatın müəyyən sahələrində müşahidə olunan artım templəri sahəsində aparılan işlər həm ödəmə növünə görə, həm də qeyri neft-qaz sektorunun əksər sahələrində vergi gəlirlərinin artmasına səbəb olub.

“Vergi prosedurlarının sadələşdirilməsi, vergi yükünün azaldılması və vergi yığımının səmərəliliyinin artırılması üçün vergi orqanları tərəfindən atılan əhəmiyyətli addımlar, həmçinin sadələşdirilmiş vergi dərəcəsinin azaldılması (4 faizdən 2 faizədək) və özəl qeyri-neft sektoruna vergi imtiyazlarının tətbiqi açıq şəkildə Azərbaycanda fəaliyyət göstərən xarici biznesə əlavə təkan oldu”, – deyə Almaniya-Azərbaycan Ticarət Palatası və “KPMG-Azerbaijan” tərəfindən tərtib olunan 2020-ci il üçün Azərbaycandakı işgüzar mühit barədə hesabatda qeyd edilir.

Şirkətlərin təxminlərinə görə, bu tədbirlər həyata keçirildikdən sonra “kölgə iqtisadiyyatı” və qeyri-rəsmi məşğulluq miqyası əhəmiyyətli dərəcədə azalıb.

“Bu bağlanmış əmək müqavilələrinin sayının artmasına və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb oldu. Bunu nəzərə alaraq, sorğuda iştirak edən 10 xarici şirkətlərdən yeddisi (69 faiz) vergi islahatlarını daha effektiv hesab edir ki, bu da təəccüblü deyil”, – deyə hesabatda bildirilir.

2021-ci ilin yanvar-may aylarında sığorta yığımları artıqlaması ilə yerinə yetirilib. Beləliklə, icbari dövlət sosial sığortası üçün yığımlar 1,531 milyard manat, işsizlik sığortasından gələn gəlirlər 52,4 milyon manat təşkil edib. Beş ay ərzində yuxarıda qeyd edilən sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi müvafiq olaraq 111 faiz və 109,6 faiz təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə qeyri-büdcə təşkilatlarının gəlirləri müvafiq olaraq 13,6 faiz və 15,9 faiz artıb.

Vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflığının təmin edilməsinə xüsusi yer ayrılıb. Beləliklə, 2019-cu ildə qeyri-neft sektorunun özəl seqmentində iştirak edən şəxslərin gəlirlərinin bir hissəsinin (8000 manata qədər) vergidən azad edilməsi yeni iş yerlərinin açılmasına kömək etdi və əmək gəlirlərinin şəffaflığını təmin etdi. Bundan əlavə, Əmək Məcəlləsinə edilən dəyişikliklər işəgötürənlərin əmək müqavilələri bağlamaları üçün tələbləri sərtləşdirdi və təbii olaraq əmək gəlirlərinin ağardılmasına kömək etdi.

İslahatlar ümumi məşğul əhalidə muzdlu işçilərin payının artmasına və nəticədə işçilərin rəsmi əmək bazarında və pensiya sistemində iştirak səviyyəsinin artmasına kömək etdi. Muzdlu işçilərin sayının artması əmək haqqı fondunun həcminin, həmçinin onun ÜDM və əhalinin gəlirindəki xüsusi çəkisinin artırılması üçün əlverişli şərait yaradır. Əmək haqqı kartlarının sayının yetərincə artması da qanunsuz əmək bazarının miqyasının azalması prosesini təsdiqləyir.

İqtisadiyyatın ağardılması prosesini təsdiqləyən göstərici ƏDV-yə cəlb olunan dövriyyənin və qeyri-neft sektorundakı dövriyyənin artması, həmçinin elektron hesab-fakturalar vasitəsi ilə dövriyyənin artım sürətidir.

Azərbaycanda biznes getdikcə daha şəffaflaşır, amma necə deyərlər, mükəmməlliyin həddi yoxdur. Tez-tez süni və bürokratik baryerlər, anlaşılmaz arqumentlər və vergi orqanlarının qərəzli qərarları ilə bağlı narahatlıqlar ifadə olunur. Müvafiq olaraq biznes dairələr davamlı potensial və tələbatı təkmilləşmədə görür, buna görə vergi sisteminin daha da şəffaflığına gətirib çıxaracaq və nəticədə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadı gücləndirəcək islahatların davamını tələb edir.