“DEMİŞDİM Kİ, AĞDAM MƏNİM VƏTƏNİM DEYİL…” – Sarqsyandan Tovuz döyüşləri və Xocalı soyqırımı ilə bağlı etiraflar

“Bəli, mən hesab edirəm ki, o (Nikol Paşinyan-red.), seçkidə qalib gəldi. Lakin bu qələbəylə bağlı çoxlu suallar meydana gəlib…”

“AzPolitika.info” xəbər verir ki, bunları ötən gün “BBC”-yə müsahibə verən Ermənistanın sabiq Prezidenti, uşaq qatili Serj Sarqsyan deyib. Sarqsyan bu müsahibəsində onun partiyasının təmsil olunduğu blokun seçkidəki məğlubiyyətindən tutmuş 44 günlük müharibə, bundan əvvəl uzun illər davam etmiş danışıqlar, həmin danışıqlarda Prezident İlham Əliyevin mövqeyi, Xocalı soyqırımı və digər məsələlərə toxunub. Əksər suallara həqiqəti təhrif edərək, öz maraqlarına uyğun şəkildə hiyləgərliklə cavab verən Sarqsyan, həm də bir sıra etiraflar edib.

Sarqsyan müxalifətin son seçkidəki məğlubiyyətini etiraf etsə də, hakimiyyətin qələbə üçün özünün inzibati resurslarından istifadə etdiyini, müxalifətə hər cür vasitələrlə təzyiq göstərdiyini, həbslər, təhdidlər olduğunu, seçki pozuntularına yol verildiyini vurğulayıb.

Bir sözlə, Paşinyanın qələbəsini etiraf etməklə yanaşı, bu qələbənin “təmiz olmadığını” iddia edib. O, həmçinin qeyd edib ki, bu şəraitdə seçki keçirmək doğru deyildi, lakin müxalifətdə vahid mövqeyin olmaması seçkilərə getməklə bağlı qərar verilməsinə gətirib çıxardı. Bu zaman Sarqsyan öz sələfi Robert Koçaryanı nəzərdə tutub. 44 günlük müharibə ilə bağlı danışan Sarqsyan Nikol Paşinyanı xəyanətdən daha çox “kobud səhvlər və axmaqlıq”da günahlandırıb. Sabiq Prezident Paşinyanı 10 noyabr sazişini imzaladığına görə deyil, daha çox həmin saziş ərəfəsində onun səhvləri ucbatından yaranmış vəziyyətə, Azərbaycan Ordusunun Xankəndinin astanasında olduğuna görə günahkar saydığını bildirib.

Sarqsyan deyib ki, Paşinyan Qarabağdakı qondarma rejimin danışıqlar masasına bərabərhüquqlu tərəf kimi oturdulmasını tələb etməklə, danışıqlar prosesini dalana dirəyib və bununla təkcə Azərbaycanı deyil, Minsk Qrupuna daxil olan ABŞ, Fransa və Rusiyanı da çıxılmaz vəziyyətdə qoyub. Paşinyanın Qarabağ probleminin “ədalət prinsipi əsasında həlli” ideyasını irəli sürməsini səriştəsizlik və səviyyəsizlik kimi qiymətləndirən Sarqsyan, deyib: “Bu adamların səviyyəsini təsəvvür edirsiniz?! Necə yəni, “ədalət prinsipindən çıxış edərək”? Bizim üçün ədalətli olan azərbaycanlılar üçün ədalətsizdir və əksinə.”

Sarqsyanın müsahibəsinin ən maraqlı yerlərindən biri 2020-ci ilin yayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən təxribatla bağlı olub. Sarqsyan dolayısı ilə etiraf edib ki, ötən ilin iyulunda baş verən və Azərbaycanda böyük xalq etirazı yaradan Tovuz təxribatının təşəbbüskarı məhz erməni tərəfi olub. Həmçinin, sabiq Prezident deyib ki, Tovuzdakı təxribat Azərbaycanı mütləq şəkildə cavab addımı atmağa vadar edib: “Hakimiyyətin qalibiyyətli hərbi əməliyyətlar adlandırdığı, mənim fikrimcə isə zərərli hərəkətlər Azərbaycanı küncə sıxışdırdı və Azərbaycan mütləq nəsə etməli idi.” Sarqsyan bildirib ki, onun zamanında aparılan danışıqlar zamanı İlham Əliyevin heç vaxt, heç bir şərt daxilində Dağlıq Qarabağda separatçı qurumun mövcudluğuna razı olmayacağı qənaətinə gəlib. Lakin Sarqsyan yalnız beynəlxalq təzyiqlər vasitəsilə buna nail olmaq istədiklərini qeyd edib. Sabiq Prezident həmçinin, Paşinyandan fərqli olaraq, heç vaxt işğaldakı torpaqların heç bir halda qaytarılmayacağına dair bəyanatlar vermədiyini söyləyib: “Məndən heç vaxt o ərazilərin qaytarılmayacağına dair bəyanat eşidə bilməzdiniz. Hələ 2001-ci ildə mən hətta parlamentin tribunasından dedim ki, Ağdam mənim vətənim deyil. Bunu daha da açıq söyləmək olardımı? Mən satqın damğasını daşımağa, lakin bu məsələni həll etməyə hazır idim ki, biz bu taleyi yaşamayaq…”

 

 

Sarqsyan 2018-ci ildə hakimiyyətdə qalmaq istəyinin də guya məhz Qarabağ məsələsilə bağlı olduğunu deyib və əlavə edib ki, onun vaxtında danışıqlar konstruktiv xarakter daşıyırdı və problemin danışıqlar yolu ilə həlli yaxında idi. Onun dediyinə görə, əvvəlcə 5 rayonun qaytarılması nəzərdə tutulurdu, Kəlbəcərlə Laçın isə Qarabağda referendum keçiriləcəyi günə qədər işğalda qalmalı idi. Ancaq Sarqsyan müxbirin “İlham Əliyev buna razı idimi” sualına cavab verməkdən yayınıb: “Əliyev bununla razılaşmaya bilərdi. Lakin bunun üçün beynəlxalq birlik, həmsədrlər, BMT Təhlükəsizlik Şurası var idi…”

Məlumat üçün bildirək ki, müharibədən sonra İlham Əliyev əvvəllər dəfələrlə belə bir təklifin olduğunu, lakin Azərbaycanın bununla heç zaman razılaşmadığını deyib. Odur ki, Sarqsyanın hakimiyyətdə qalmaq istəyinin Qarabağ danışıqları ilə əlaqəli olduğunu deməsi cəfəngiyyatdır. Ermənistanda və ondan kənarda da hər kəs bilir ki, Sarqsyanın daxil olduğu “Qarabağ klanı”nın əsas məqsədi danışıqlar prosesini hər yolla uzatmaq və hakimiyyətdə qalmaq olub.

Xocalı qatili olan Sarqsyan 1992-ci ilin fevralında baş verən soyqırıma dair suala da cavab verib və 2000-ci ildə bu faciə ilə bağlı dediyi sözlərin üstündə durduğunu bildirib: “Mən demişdim, azərbaycanlılar elə bilirdilər ki, biz dinc əhaliyə əl qaldıra bilmərik. Ancaq əl qaldırmaq öldürmək demək deyil. Bu, o deməkdir ki, necə ki, onlar bizim xalqı, belə deyək, öz torpaqlarından çıxarmışdı, biz də bu cür etməliydik. Biz ön cəbhəni saxlamaqla, eyni zamanda arxada Azərbaycan qəsəbəsinə malik ola bilməzdik.

Bununla yanaşı, Xocalı qatili yenə həyasızcasına qətllərin onlar tərəfindən törədilmədiyini iddia edib.

Göründüyü kimi, bütün yalanlara rəğmən, Sarqsyan bu müsahibəsində önəmli etiraflar edib. Xüsusilə də ötən ilin iyulunda Tovuz istiqamətində törədilən təxribat və məhz Ermənistanın öz hərəkətlərilə Azərbaycana müharibədən başqa yol qoymadığına dair etiraflar olduqca vacibdir. Onun həmin etirafları Azərbaycanı müharibəyə başlamaqda günahlandıran məlum xarici dairələr və siyasətçilər üçün əyani vəsait ola bilər.

Cəlal Məmmədov

“AzPolitika.info”