“Bu yol ermənilər üçün bir şok oldu” – Nazir Şuşa əməliyyatından danışdı

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi Şuşa əməliyyatından danışıb.

“Report”un xəbərinə görə, nazir bununla bağlı “Real” TV-yə müsahibəsində məlumat verib.

Şuşa əməliyyatı barədə hər şeyi danışa bilməyəcəyini deyən nazir bu əməliyyatın indiyə qədər məxfi olduğunu bildirib:

“Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlarını vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusi ilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Doğrudur, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik və onlar həm canlı qüvvə, həm də texnika baxımdan çox böyük itki verdilər. Amma biz doğma şəhərimizi artilleriyadan vurmurduq və bu da bizə əməliyyatı keçirməkdə çətinliklər yaradırdı. Həmin ərəfədə havalar da buludlu olurdu, ona görə də biz Şuşa əməliyyatı vaxtı pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik. Hətta kəşfiyyatın da aparılmasında da çətinliklər var idi. Eyni zamanda təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik”.

“Şuşa əməliyyatı deyəndə bir Şuşanın özünə daxil deyildi. Əvvəl ətraf söhbəti olmalı idi, daha sonra isə Şuşa. Biz artilleriyadan və aviasiyadan ətrafı necə lazımdırsa, işlədik. Mən xüsusi qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığının şahidi oldum. Bizim istehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş gördülər və qəhrəmanlıq göstərdilər – yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Çünki onlar bizim Şuşaya əsas hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər və ona görə də güclərini ayrı yerdə cəmləşdirmişdilər. Bizim Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri qisa bir müddətdə yol çəkdilər. Bundan əlavə, kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim elitar qoşunlarımız olan xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər”, – nazir bildirib.

Z.Həsənov Azərbaycan Ordusunun qəhrəman topçularından danışaraq onların xidmətini yüksək qiymətləndirib. Nazir həmçinin bildirib ki, müharibədən sonra kadrlara baxan zaman Türkiyənin milli müdafiə naziri topçuların tapança kimi atəş açdığını deyib.