Bakıda “yol vermə” mübahisəsinə görə Avtomobil Federasiyasının əməkdaşını döyüb öldürdülər

Bakıda dünən günün günorta çağı küçənin ortasında döyülüb öldürülən yük maşını sürücüsü Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı olub. Bu barədə Federasiyanın yaydığı məlumatda  deyilir.

Məlumata əsasən  federasiyanın əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb.

Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən  digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib. Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı. Peşəkarlığı, işgüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”,-məlumatda bildirilir.

***

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. “Chevrolet”in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.