“Azərbaycanın humanitar addımlarına qarşılıq verməyə hazırıq” – Paşinyan

“Ermənistanda siyasi böhran başa çatıb”.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Nikol Paşinyan Avropa İttifaqının(Aİ) nümayəndə heyətini qəbul edərkən söyləyib.

Paşinyan bildirib ki, indi hakimiyyətin işi gündəlikdəki vacib məsələlərin həllilə məşğul olmaqdır. Həmin məsələlərin içərisində isə ən vacibi Azərbaycanın ələ keçirdiyi erməni hərbçilərinin geri qaytarılmasıdır.

Paşinyan bundan əvvəl Azərbaycanda olmuş Aİ-nin geniş nümayəndə heyətinin üzvlərinə “Azərbaycanın humanitar addımlarına qarşılıq verməyə hazırıq”, deyə bildirib. Erməni mətbuatı bununla bağlı qeyd edir ki, Paşinyan sözügedən hərbçilərin qaytarılması üçün qalan mina xəritələrinin də Azərbaycana verilməsi prosesini nəzərdə tutub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan müharibə başa çatandan sonra Azərbaycan ərazilərinə daxil olmuş və ordumuz tərəfindən ələ keçirilmiş erməni hərbçilərindən 15 nəfərini Ermənistana qaytarmışdı. Həmin vaxt İrəvan Ağdamdakı minalanmış ərazilərin bir qisminin xəritəsini Azərbaycana verib.