Azərbaycan xalqının döyüş ruhu: genetik yaddaşımızın gücü – Şərh

Hesab edirəm ki, Azərbaycan Ordusu həmişə qalibdir. Ordumuz yarandığı 1918-ci ildən 1920-ci ilə qədər özünün rəşadətli döyüşləri ilə Azərbaycan dövlətçiliyinin keşiyində durub. 1991-ci ildə müstəqilliyimiz bərpa ediləndə könüllü dəstələrdən yaranmış ordu güclü, arxalı erməni ordusuna qarşı çox ağır döyüşlər aparıb.

Hurriyyet.org bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanana qədər Azərbaycan əsgəri mətinliklə səngərlərdə dayanıb: “Sonrakı dövrlərdə də, hər zaman özünün gücünü, torpağa bağlılığını, əzmini göstərib. Ordumuz 2016-ci ilin aprel döyüşlərində qısa müddətdə erməni ordusuna layiq cavabını verdi. Bu həmlə ilə Ordumuz əhəmiyyətli nəticələr əldə etdi”.

Komitə üzvü hesab edir ki, Vətən müharibəsində isə Azərbaycan Ordusu özünün yüksək hazırlığı, gücü, mənəvi ruhu, xalqla birliyi, Ali Baş Komandanın əmrlərinə riayət etmək əzmi ilə torpaqlarımızı işğaldan azad etdi: “Bu Azərbaycan xalqının döyüş ruhudur. Genetik yaddaşımızın gücüdür. Azərbaycan Ordusunun öz torpağına, dövlətçiliyinə bağlılığının bir nümunəsidir”.

Aydın Mrzəzadə söyləyib ki, bu gün Ordumuz artıq bütün sərhəd boyu öz torpaqlarının keşiyindədir: “Heç də təsadüfi deyil ki, dünyanın bir çox nüfuzlu hərbi analitik mərkəzləri Azərbaycan Ordusuna yüksək qiymət verib. Azərbaycan Ordusunun 44 günlük müharibə dövründəki döyüş təcrübəsi öyrənilir. Hər bir azərbaycanlı gənc bu gün ordu sıralarında olması ilə fəxr duyur. Azərbaycan xalqı öz Ordusunu dəstəkləyir və onunla birlikdədir. Bundan sonra da xalq-ordu birliyi cəmiyyətimizin əsas atributlarından biri olacaq”.